Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Jurnalistlər Oqtay Əsədova müraciət etdilər - Əliağa Hüseynovun hərəkətlərinə qiymət verilsin!

Media24.az      18 May , 11:01

Parlament Jurnalistləri Birliyi və Modern.az saytı Milli Məclisin sədri Oqtay Əsədova və Salyan seçicilərinə müraciət edib.

 

Müraciətdə 59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant  Əliağa Hüseynovun Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində jurnalistlərin və Silahlı Qüvvələrimizin ünvanına təhqiramiz ifadələr işlətməsinə etiraz edilib, Milli Məclis rəhbərliyindən bu məsələylə bağlı tədbir görmək xahiş olunub.

 

Müraciətdə deyilir:

 

- Milli Məclisin sədri, cənab Oqtay Əsədov və hörmətli Salyan seçiciləri,

 

59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov artıq neçənci dəfədir ki, jurnalistləri təhqir edir, mətbuat nümayəndələrinə qarşı heç bir ölçüyə sığmayan kobud davranış göstərir.

 

Deputat ona zəng edən jurnalistin “Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualına cavab vermək əvəzinə dözümsüzlük göstərərək, media nümayəndəsinin və Silahlı Qüvvələrin ünvanına təhqiramiz ifadələr işlədib. Yəqin ki, razılaşarsınız ki, ölkənin ali qanunverici orqanının mandatını daşıyan 72 yaşlı bir şəxsin “Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deməsi millət vəkili adına heç cür yaraşmır.

 

Düşünürük ki, Əliağa Hüseynovun jurnalisti və Azərbaycan Silahlı Qüvvələrini aşağılayan vulqar ifadələr işlətməsi təkcə onun özünə deyil, bütövlükdə Milli Məclisin adına da xələl gətirən hadisədir.

 

Cənab Oqtay Əsədov və hörmətli Salyan seçiciləri,

 

Baş verən hadisə bütün jurnalistləri təəssüfləndirir və hətta belə bir təəssürat yaradır ki, deputat Əliağa Hüseynov Sizlərlə ünsiyyət zamanı da bu cür xoşagəlməz davranışlara yol verir. 

 

Yaxşı olar ki, deputat Əliağa Hüseynov ölkə başçısı cənab İlham Əliyevin jurnalistlərə münasibətindən nümunə götürsün.

 

Prezident İlham Əliyev Milli Mətbuat Günündəki çıxışında jurnalistləri nahaq yerə cəmiyyətin hərəkətverici qüvvəsi hesab etməyib.

 

“Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”, - deyə ölkə başçısı jurnalistlərə xitab edərkən bildirib.

 

Parlament Jurnalistləri Birliyi və Modern.az saytı ümid edir ki, Milli Məclisin rəhbərliyi deputat və ehtiyatda olan hərbçi Əliağa Hüseynovun bu hərəkətinin ilk olmadığını, “Milli Məclisin deputatının etik davranış qaydaları" ilə bir araya sığmadığını nəzərə alacaq. İnanırıq ki, Azərbaycan Ordusunun 100 illiyik yubileyi ərəfəsində Silahlı Qüvvələri və media nümayəndələrini aşağılayan deputatın məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacaq və müvafiq ölçü götürüləcək”.

 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla