Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Səfir: “Fələstinlilər yəhudi xalqını bir millət kimi tanımayana qədər sülh əldə oluna bilməz” - MÜSAHİBƏ

Media24.az      16 May , 16:19
Səfir: “Fələstinlilər yəhudi xalqını bir millət kimi tanımayana qədər sülh əldə oluna bilməz” - MÜSAHİBƏ

İsrailin Azərbaycandakı səfiri Dan Stavın APA-ya müsahibəsi

 

- Cənab səfir, bildiyiniz kimi, Amerikanın İsraildəki səfirliyi Qüds - Yerusəlim şəhərinə köçürüldü. Əvvəlcə bu barədə danışmağınızı istərdik.

 

- Yerusəlim bizim eradan əvvəl 1080-ci ildən yəhudi dövlətlərinin paytaxtı olub. Yerusəlim monarxiya dövründə yəhudi dövlətinin paytaxtı olub, bizim orada birinci və ikinci ibadətgahlarımız inşa edilib. Bizim eranın 135-ci ilində sonuncu yəhudi dövləti Roma İmperiyası tərəfindən işğal edildikdə yəhudilərin əksəriyyəti öz torpaqlarından qovulmuşdu, ancaq onlar həmişə gələn il Yerusəlimə qayıtmaq üçün dua etməyə davam etdilər. Yerusəlim müasir İsrail dövlətinin paytaxtıdır və belə də qalacaq. ABŞ dövlət başçısı Donald Trampın qərarı bildirir ki, ABŞ tarixi faktı tanıyır. İllərlə çoxları bu mühüm tarixi faktı qəbul etmək istəmirlər.

 

Yerusəlim İsrail dövlətinin paytaxtıdır. Bu tarixi faktı qəbul etməməyin sülhə gətirəcəyi düşünülürdü. Bu çox sadə faktın qəbul edilməməsinin əsas səbəbi tarixi qulaqardına vurmağın sülhə gətirəcəyinə boş yerə ümid etmək olub. Bu isə dəfələrlə iki səbəbə görə miskonsepsiya olaraq üzə çıxıb:

 

Birinci, İsrailin baş naziri Netanyahu demişdi ki, yalanlar üzərində qurulan sülh Yaxın Şərq qayalıqlarında çökəcək: “Sən ancaq doğru üzərində sülh qura bilərsən və doğru odur ki, Yerusəlim yəhudi xalqının, yəhudi dövlətinin paytaxtı olub və həmişə də olacaq”.

 

"İsrail-Fələstin münaqişəsinin kökündə duran səbəb son 70 ildəki bütün Fələstin rəhbərliklərinin tarixi bir fakt olaraq yəhudi xalqının mövcud olduğunu qəbul etməmələridir. İsrail xalqı tarixin yazılmadığı vaxtlardan bəri mövcud olub və olacaq"

 

 İkincisi, İsrail-Fələstin münaqişəsinin kökündə duran səbəb son 70 ildəki bütün Fələstin rəhbərliklərinin tarixi bir fakt olaraq yəhudi xalqının mövcud olduğunu qəbul etməmələridir. İsrail xalqı tarixin yazılmadığı vaxtlardan bəri mövcud olub və olacaq.

 

Nə qədər ki fələstinlilər yəhudi xalqını bir millət kimi tanımaqdan və onların doğma torpaqlarında öz milli evlərinə sahib olma haqqından imtina edirlər, o halda sülh əldə edilə bilməz. Fələstinin ifrat siyasəti bu münaqişənin davam etməsinin əsas səbəbidir.

 

- ABŞ səfirliyinin Tel-Avivdən Qüdsə - Yerusəlimə köçürülməsi ilə bağlı İsrail əsgərləri və fələstinlilər arasında qarşıdurmalar yaşandı. 60-a yaxın fələstinli öldü, minlərlə adam yaralandı. Buna münasibətiniz necədir? Bu halların olmaması üçün nə edilə bilərdi?

 

- Mən sizin sualın birinci hissəsi ilə razı deyiləm. Yəhudilər və fələstinlilər arasında toqquşmaların baş verdiyini demək tam yanlışdır. Gerçək odur ki, HAMAS və onun Qəzzadakı müttəfiqləri Fələstin əhalisini acınacaqlı şəkildə idarə edərək İsrail dövlətinə qarşı genişmiqyaslı təcavüz təşkil edir. HAMAS döyüşçüləri və terroristləri mülki əhalini canlı qalxan kimi istifadə edərək İsrailə hücuma keçmək və sərhəd boyunca təhlükəsizlik tədbirlərinə qarşı təxribat törətmək istəyirlər.

 

"HAMAS-ın planlaşdırılmış aqressiyası insanların diqqətini onların Qəzza zolağındakı pis idarəçiliyindən diqqəti yayındırmağa yönəlmiş həyasız bir addımdır"

 

 İkincisi isə, HAMAS-ın planlaşdırılmış aqressiyası insanların diqqətini onların Qəzza zolağındakı pis idarəçiliyindən diqqəti yayındırmağa yönəlmiş həyasız bir addımdır. HAMAS Qəzzanın iqtisadiyyatının inkişafı üçün pul ayırmaq yerinə, İsrail kəndlərinə sərhəd boyunca hücum etmək üçün raket və tunel konstruksiyalarına pul ayırır. HAMAS vəziyyəti ağırlaşdırmaq üçün Qəzzaya gedən qaz kəmərinə qarşı sabotaj edərək Qəzza xalqının əziyyət çəkməsinə səbəb oldu və bunda İsraili günahlandırmağa çalışdı. Vurğulamaq vacibdir ki, İsrail ordusu özünümüdafiə hüququndan istifadə edərək HAMAS terror təşkilatı tərəfindən təşkil edilmiş aqressiyaya cavab verirdi.

 

- Beynəlxalq ictimaiyyət tərəfindən ABŞ-ın bu qərarı qınandı. Bildirildi ki, bu qərar İsrail və Fələstin arasındakı gərginliyi artıracaq, sülhün bərpasına mane olacaq. Siz bu haqda nə deyə bilərsiniz?

 

- Prezident Donald Trampın Amerika səfirliyinin Yerusəlimə köçürülməsi qərarının İsrail və fələstinlilər arasında gərginliyi artıracağına dair beynəlxalq ictimaiyyət tərəfindən verilən bəyanatlar özü gərginliyin artmasına səbəb ola biləcək yanlış mövqedir. Bu cür bəyanatlar yalnız fələstinliləri İsraillə bağlı siyasətlərini davam etdirməyə, İsrailə qarşı terrorizm və şiddətə təşviq edir.

 

"İsraillilər və yəhudilərə qarşı yönəlmiş ərəb/Fələstin terrorizmi 100 ildən artıqdır mövcuddur, yəni bunun prezident Donald Trampın qərarı ilə heç bir əlaqəsi yoxdur"

 

 Bayaq da qeyd etdiyim kimi, münaqişənin əsas səbəbi fələstinlilərin İsraili yəhudi dövləti kimi qəbul etməkdən və onların öz doğma torpaqlarına dair hüquqlarını tanımaqdan imtina etməsidir. İsraillilər və yəhudilərə qarşı yönəlmiş ərəb/Fələstin terrorizmi 100 ildən artıqdır mövcuddur, yəni bunun prezident Donald Trampın qərarı ilə heç bir əlaqəsi yoxdur. Sülh prosesi aktiv olduqda belə israillilərə qarşı terror fələstinlilərin əlində alət idi. 90-cı illərdə mindən çox israilli Fələstin terror təşkilatları tərəfindən qətlə yetirilib. Danışıqlar prosesinin ölü vəziyyətdə olduğu vaxtda da belə idi.

 

Aydınlıq gətirmək istəyirəm ki, fələstinlilərin İsraili yəhudi dövləti kimi qəbul etmək istəksizliyi və terrordan imtina etməməsi sülh prosesindəki bu acı durumun əsas səbəbləridir.

 

İsrail müstəqillik əldə etdiyi müddətdən bəri sülh üçün çalışır. Bizim səylərimiz Misir prezidenti Ənvər Sədat və İordaniya kralı Hüseyn kimi cəsarətli, uzaqgörən liderlərlə qarşılaşdıqda sülh müqaviləsi imzalandı və sülh yarandı. İsrailin baş nazirləri, ən sərt mövqe sərgiləyənlər belə, iki dövlət prinsipini qəbul ediblər. İsrailin baş nazirləri fələstinlilərə güzəştə getməyə hazır idilər, baxmayaraq ki, fələstinlilər həmişə fürsətdən istifadə etmir, şiddətə, münaqişəyə və qan tökülməsinə son qoymurdular.

 

- İsrail hökuməti bundan sonra vəziyyətin daha da pisləşməməsi üçün nə edəcək?

 

- Sülh axtarmaq üçün çalışırıqsa, İsrailin öz vətəndaşlarını HAMAS-ın sərhədləri pozmaq cəhdlərindən qorumaq hüququ var. İsrail sərhədlərinin şiddətlə pozulmasına mane olmaq üçün səylər göstərdi. İsrail günahsız insanların həyatlarını itirməməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək. Bunlara əhali üçün erkən xəbərdarlıq (bülletenlər, birbaşa telefon zəngləri, radio və sosial media, habelə ölümcül olmayan vasitələrin istifadəsi) aiddir. Bir şeyi xatırlamaq lazımdır ki, İsrail sakinləri Qəzza ilə yaxın sərhəddə yaşayır. Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq haqqı var.

 

"Terror təşkilatı olan HAMAS-ın rəhbərlik etdiyi və məqsədi İsraili məhv etmək olan “Qayıdış yürüşü” insanların dinc aksiyası deyildi"

 

 Terror təşkilatı olan HAMAS-ın rəhbərlik etdiyi və məqsədi İsraili məhv etmək olan “Qayıdış yürüşü” insanların dinc aksiyası deyildi. HAMAS kütləyə rəhbərlik edirdi. Mayın 14-də Qəzza ilə sərhəd boyunca 40 min fələstinlinin qarşıdurma törətməsinə baxmayaraq, İsrail qoşunları ölüm olmasın deyə ilk növbədə qeyri-öldürücü vasitələrdən istifadə etdilər. Lakin terrorçuların silahlı hücumu və HAMAS-ın rəhbərlik etdiyi on minlərlə insanın sərhədləri pozmaq cəhdlərinə cavab olaraq İsrail hərbçiləri özünümüdafiə hüququndan yararlanıb, 13 müxtəlif məkanda sərhədə hücum edən şəxslərə güc tətbiq etdilər.

 

 HAMAS Qəzzada olanlara görə məsuliyyət daşıyır. HAMAS vətəndaşlarının rifahını təmin etmək əvəzinə, əhalisini yandırır, onları İsrailə qarşı və terrorist qrupları dəstəkləmək üçün istifadə edir. HAMAS-ın bu addımları cinayət əməlləridir, onlar beynəlxalq ictimaiyyət tərəfindən açıq və sərt şəkildə qınanmalıdır. HAMAS hətta Qəzza əhalisinin rifahına zərər verərək yalnız vəziyyəti ağırlaşdırmaqda maraqlıdır. Mayın 11-də HAMAS Qəzzanı İsrail və xarici donor ölkələrdən gətirilən humanitar yardım, yanacaq, qaz və ərzaqla təmin edən “Kerem-Şalom” nəzarət-keçid məntəqəsinə atəş açaraq onu məhv etdi.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla