Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Yazarlar Mikayıl Müşfiqi sərt tənqid edən şairi "TOPA TUTDU": "Qıjı” meh əsməklə..."

Media24.az      13 Mart , 17:25
Yazarlar Mikayıl Müşfiqi sərt tənqid edən şairi

Son zamanlar milli və ümumbəşəri dəyərlərin, dəyərli sənət adamlarının tənqid və təhqir olunması ilə məşhurlaşmaq tendensiyasına daha bir üzv qoşulub. Gənc şair Elşad Barat şəxsi feysbuk səhifəsində repressiya qurbanı, şair Mikayıl Müşfiq haqqında fikirlərini bölüşüb.

 

E.Baratın M.Müşfiq haqda fikirlərini olduğu kimi təqdim edirik:

 

“Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm. Onun bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür. Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə, çox qıjı düşüncənin sahibi olub. Düşüncəsi 15 yaşlı qaqaşın düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz. Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

 

E.Baratın yazdığı bu fikirlər yüzlərlə istifadəçinin və Müşfiqsevərlərin sərt reaksiyalarına tuş gəlib.

 

Məsələni bütün detalları ilə öyrənmək və şairin niyə belə status yazdığını bilmək üçün özü ilə əlaqə saxladıq.

 

Elşad Barat publika.az-a açıqlamasında bildirdi ki, statusu məqsədsiz şəkildə yazıb və yazdığına görə onsuz da, peşmandır:

“Statusu yazdım, ancaq sonra peşman oldum. Mikayıl Müşfiq bizim böyük şairimizdir. Onu təhqir etmək kimi bir fikrim olmayıb. Yüz dənə yaxşı şeylər yazırsan, baxmırlar. Bir dənə səhv edən kimi hamı tökülür adamın üstünə. Düzdür, bu dəqiqə milli dəyərlərin, yazarların tənqid, təhqir edilməsi adət halını alıb. Ancaq mənim bu axına qoşulmaq fikrim yoxdur. Statusu yazanda da bu haqda fikirləşməmişdim. Müşfiqin şəxsiyyətilə heç bir işim yoxdur. Onun şairliyi ilə bağlı fikirlərimi yazmışam. İndi də o fikirdəyəm ki, Müşfiq çox zəif şair olub. Onu qıjı adlandıranda da məhz yaradıcılığını, düşüncə dərəcəsini nəzərdə tutaraq demişəm. Məsələn, hansısa ucqar bir rayonun ucqar bir kəndində Əliməmməd, yaxud Gülməmməd dayıdan istəsək, o da oturub bir az əziyyət çəksə, Müşfiqin yazdıqlarını qələmə ala bilər. Müşfiq o dərəcədə böyük şair deyil, nə də onun şeirləri o dərəcədə böyük deyil ki, onlarla araşdırmanın qayəsi olsun. Müşfiqi başdan-ayağa oxudum və gördüm ki, bugünkü gün hansısa ucqar kənddə elə bir şair var ki, ondan qat-qat yaxşı yazır. Ancaq adı heç bir dəftərdə yoxdur.

 

Müşfiqin "Yenə o bağ olaydı" şeirinə mahnı yazılmasaydı, bu qədər məşhurlaşmazdı. Nə bilim, “Oxu, tar, oxu, tar, səni kim unudar”... Burada nə var axı, qardaş, başına dönüm? Nə var burada? Bunu istənilən adam deyə bilər də. O qədər araşdırmaya layiq deyil. Bu şairlik deyil. Nizamidən on əsr keçib, Müşfiqdən bir. Ancaq Nizaminin dediyi sözlərin çəkisinə baxın, Müşfiqin dediyi sözlərə baxın”.

 

Son zamanlar bu cür tendensiyanın geniş vüsət alması ədəbiyyat adamları ilə yanaşı oxucuları da narahat edir. Bu narahatlıqlara son qoymaq və məsələnin mahiyyətini açmaq məqsədilə çağdaş ədəbiyyatın tanınmış nümayəndələrinin fikirlərini öyrəndik.

 

Şair Aqşin Yenisey bildirdi ki, bu yazı ziddiyyətlərlə doludur:

“Birincisi, mənasız şairi "neçə gün" oxumaq olmur. Məsələn, mən Elşad Barat kimi şairlərimizin cəmi bir misrasını oxuyan kimi bilirəm ki, mənalıdır, ya mənasız. Günlərimi xərcləməyə ehtiyac olmur. İkincisi, şair yazının əvvəlində özünü Müşfiqin oxucusu kimi təqdim edir və oxucunun hansısa şairi bəyənməməsi təbii haldır. Amma sonda özünü şair kimi yada salır, Müşfiqin "meyitinin" yanında. Anlamaq olmur bu qardaş Müşfiqi oxucu kimi bəyənmir, ya şair kimi. Kiçik bir mətndə bu qədər qarışıqlıq salan adamın ədəbi zövqü nə gündədir, onu deyə bilmərəm. Amma mən "qarşısını almaq" ifadəsinə qarşıyam. Heç kimin qarşısını almayaq, ayaqları zəif olanlar onsuz da özləri yıxılacaqlar”.

 

Şair Baba Vəziroğlu isə belə halların xəstəliyə çevrildiyini dedi:

“Biz öz aramızda belə situasiyaya “uşaq xəstəliyi” deyirik. Keçib gedəcək. Qələm əhli ədəbiyyata, sənətə gəlmək istəyəndə bu xəstəlikdən keçib gəlir. Arzu edirəm ki, bu uşaq xəstəliyi tez sağalsın. Yəni, burada böyük, kriminal bir detal axtarmayaq. Vay o gündən ki, həmin şair 60-70 yaşına çatanda da bu xəstəlikdən qurtula bilməsin. Bax, faciə onda başlayacaq.

 

Biz də ədəbiyyata gələndə belə başlamışdıq. Sonra yavaş-yavaş haqq yoluna qayıtdıq. Təkcə yazıb-yaradan biz deyilik. Bizdən qabaq ədəbiyyatı yaradanlar olub, gözəl əsərlər yazılıb. Yəni biz də o xəstəliyə tutulmuşuq. Ancaq tez də sağalmışıq. Bu mənada belə hadisələrin baş verməsində qorxulu bir şey yoxdur. Bu tendensiyanın qarşısını almaq belə, lazım deyil. Niyə alaq ki? Demokratik prosesdir. Başqa sahələrdə olduğu kimi, ədəbiyyatda da bu proses var. Söhbət yaradıcılıqdan gedirsə, burada heç kəsi qınaya bilmərik. Dünənin uşağı deyə bilər ki, mən Dostoyevskini bəyənmirəm, o, ümumiyyətlə, yazıçı deyil. Tolstoyu oxumuram o, ümumiyyətlə, qələm əhli deyil. Burada nə var ki? Gərək hamı hər şeyə yaxşı desin?

 

Belə bir deyim var: yel qayadan nə aparar? Müşfiq də sərt qaya kimi Azərbaycan ədəbiyyatında dayanıbsa, “qıjı” meh əsməklə ona nə zərər verə bilər? Ona görə narahat olmağa dəyməz. Səməd Vurğuna da, Cavidə də “girişirdilər”. Ancaq onlar qayalıqlarından heç nə vermədi. Heydər Əliyev haqqında yazdığım şeirdə belə bir misra var: sən elə bir zirvəsən, küləklər neyləyəcək? O küləklər havanı sərinlətməkdən başqa nə edə bilər ki?”

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla