Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Yol Polisi saxlayıb dedi ki, sizi reklamlarda görməkdən yorulmuşuq”

Media24.az      13 Mart , 12:15

Bəhram Bağırzadə: “Dedim elə siz də məni bezdirmisiz, bütün günü küçələrdəsiz, əlinizdən tərpənə bilmirik”

 

“Metrodan istifadə edirəm. İnsanlar çox qayğılı olublar, onlar daha Bəhramın hayında deyillər”

 

 

Onları "Bakılı oğlanlar” kimi sevdilər, qəbul etdilər. "Bakılı oğlanlar” Azərbaycan hüdudlarından kənarda 20-ci əsrin ən güclü "Şən hazırcavablar”ı oldular. Bu gün "Bakılı oğlanlar”ın ən maraqlı simalarından biri - Bəhram Bağırzadə "Şərq”in qonağı oldu.

 

- Vaxtilə "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun ən məşhur simalarından biri olmusuz. Bakılı oğlanın "KVN”-dən sonra həyatında nələr dəyişdi?

 

- Mənim həyatımda KVN-dən sonra çox məqamlar dəyişdi. Əslində mən hərəkətdə olan insanam. Çalışıram bir yerdə dayanmayım. Bu mənim yaşam prinsipimdir. Eyniliyi, analoji, monoton həyat tərzi yaşamağı sevmirəm. Mənim üçün həyatda məqsəd önəm daşımır, əsas hərəkətdir. Eyni şəkildə hər gün yaşamaq məni sıxar. İnsan belə həyat tərzindən xəstəliyə düçar ola bilər. Ona görə də hər zaman yaşam tərzimi dəyişirəm. Hətta bəziləri deyir ki, Bəhram Bağırzadə hələ həyatda özünü tapmayıb.

 

- Sizi qınayanlar da var. Elə reklam çarxlarında tez-tez görünməyinizi qınayanlar da olur. Reklamlarda görünməyiniz qeyri-ciddi qəbul olunur...

 

- Bilirəm ki, reklamlarda görünməyimi, çəkilməyimi tənqid edirlər. Bəziləri buna görə məni qınayır. Amma belə düşünənlər dayaz düşüncəli insanlar ola bilər. Heç vaxt böyük insanlar, nə Tahir Salahov, nə Çingiz Abdullyaev, nə Fərhad Bədəlbəyli kimi insanlar bu sözü deyə bilməzlər. Çünki onların özləri də hərəkətdə olan insanlardı. Axtarışdadırlar. "Şərikli çörək”də çox maraqlı bir fikir deyilir, "Əşi, boşboğazlardı. Danışırlar da...” Yəni dediyim budur ki, yaradıcı insanlar bir yerdə durmazlar. Mənim reklamlarda çəkilməyimi qəbul etmirlərsə, bunu normal qəbul edirəm. Onlarla müəyyən mənada razılaşıram da. Bəli, reklam bu qədər getməməlidir. Bu, insanları yorur. Mən insanların reklamlardan yorulduqlarını anlaya bilirəm. Tamaşaçı bir telekanalda gün ərzində 60 dəfə eyni insanın səsini, üzünü görmək istəmir. İnsanların həmin məhsula, o məhsulu reklam edən simaya qıcığı yarana bilir. İnsanların bu iradını nəzərə alıb, əməkdaşlıq etdiyim şirkətə bildirdim ki, bu, düzgün deyil. İnsanları yormaq qətiyyən olmaz. Bir müddətdir artıq o reklam yoxdur. Mən insanlara hörmətlə yanaşıram. Ona görə də qərar verdim ki, bir il heç bir reklam çarxında çəkilməyim, görünməyim, insanların əsəbləri ilə oynamayım.

 

- Reklamlarda çəkilərkən müəyyən qonorar alırsız. Maddi duruma görə reklamlarda çəkilirsiz, ya yaddan çıxmayasız deyə?

 

- Bunun qonorarla əlaqəsi yoxdu. Təbii ki, müəyyən qonorar alıram. Amma bu təkcə bununla bağlı deyil. Sadəcə bayaq dediyim kimi, yeniliyi sevirəm, dayanmaq istəmirəm deyə reklamlarda çəkilirəm. Maddiyyat burda önəm daşımır. Onda elə çıxır ki, dünyaca məşhur futbolçu Ronaldo reklama maddi ehtiyac üzündən çəkilir? Onlar dünya milyonçularıdı. Onların pulu yoxdur ki? Sadəcə tanınmış insanlarla reklam daha uğurlu alınır. Deməli, o şirkət həmin məşhur simaya inanır deyə onunla işbirliyi qurur. Reklam işləri elə-belə olmur. Bununla xüsusi mütəxəssislər məşğul olur. Onlar reklam üçün düzgün və reklama təsiri ola bilən simalardan istifadə edərək bu piara başlayırlar. Mən Bəhram Bağırzadəyə də insanların inamı, sevgisi olduğu üçün müraciət edilir. Reklama təsadüfi insanlar çəkilmir ki. Burada tamaşaçının inamı məsələsi önəmli faktor sayılır. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən mənim özümə reklamda çəkilmək xoşdu. Çünki 30 saniyəlik bir reklamda böyük iş ortaya qoymaq olur. Bu mənim işimdi. Bu yaxınlarda yol polisi məni saxladı. Tanıdı. Dedi ki, sizi efirdə reklamlarda görməkdən yorulmuşuq. Dedim elə siz də məni bezdirmisiz. Bütün günü küçələrdəsiz, əlinizdən tərpənə bilmirik. Yol polisi bildirdi ki, bu bizim işimizdi. Mən də başa saldım ki, bu da mənim işimdi.

 

- Bəhram müəllim, seriallara necə, dəvət alırsız? Eyniliyi sevməyən bakılı oğlan niyə seriallarda görünmür?

 

- Alıram, amma çəkilmirəm.

 

- Səbəb? Azərbaycan seriallarının səviyyəsimi sizi qane etmir?

 

- Serialda çəkilmək məni yorar, ruhumu darıxdırar. Mən söhbətimizin əvvəlində bildirdim ki, eynilikdən yoruluram. Serialda hər gün çəkilmək mənim ruhumu yorar. Buna dözmərəm. Hər gün çəkiliş meydançasında olmaq, zavodda, fabrikdə işləməyə bənzəyir. Mən hər gün zavodda, fabrikdə işləyə bilmərəm. Eyni detalı hər gün istehsal etmək mənim üçün ağırdı.

 

- Çəkiliş meydançasına reklama çəkilmək üçün getdiniz, ya serial çəkilişinə... Hər iki halda kamera qarşısında oynamış olmursuz?

 

- Fərq böyükdü. Serial çəkilişi fabrik işinə bənzəyir. Hər gün eyni iş, eyni insanlar, eyni həyəcan. Bundan yorularam. Mən 10 filmdə eyni dönəmdə çəkilə bilərəm. Çünki hər biri ayrı-ayrı işlər, obrazlar olar. Amma serialda yeni işi hər gün görməyə səbrim çatmaz.

 

- Yeni filmləri izləmək imkanınız olurmu? Qala gecələrinə qatılırsızmı?

 

- Baxmıram. Mənim üçün yeni çəkilənlər maraqlı deyil. Hamısı dostlarımdı. Amma qala gecələrinə qatılmıram.

 

- Bəs bu günlərdə "Bəxt üzüyü-2”nin qala gecəsində göründünüz. Özünüz çəkilmisiz deyə qatılmağa məcbur qaldınız?

 

- Qala gecələrinə dəvət alıram, getmirəm. Amma "Bəxt üzüyü-2”-nin qala gecəsində iştirak etdim. Ən böyük səbəb Tahir İmanov yaxın dostum, dəyər verdiyim, hörmət etdiyim insandı. Dəvət etdi, qatıldım.

 

- Digər rejissorlara hörmət etmirsiz ki?

 

- Yox, elə deyil. Hər kəsə hörmətim var.

 

- Bəs niyə başqa qalalara getməyi özünüzə qadağa qoyursuz?

 

- Qadağa deyil. Sadəcə vaxtım olmur. Hamı dostlarımdı, həmkarlarımdı. Mən ailə insanıyam.

- Bu qədər vaxt məhdudiyyətində ailəyə, övladlarınıza zaman ayıra bilirsiz.

- Bəli, nə qədər işlərim çox olsa da ailə, övladlarımın həyatı mənim üçün önəmli və vacibdi. Övladlarımın tərbiyəsi ilə də, təhsili ilə də özüm məşğul oluram. Onların təhsilinə diqqət yetirirəm. Uşaqlarımı dərnəklərə, fərdi hazırlıqlara, kurslara da özüm aparıb gətirirəm.

 

- Münasibət necədir sizə? Uşaqlarınızın dostları sizi görəndə reaksiyaları necə olur?

 

- Normal. Mən heç vaxt özümdən təkəbbürlü olmamışam. Məktəbə də gedirəm, hər bir valideyn kimi onların hər tədbirinə qatılıram. İnsanlardan qaçan biri deyiləm. Yeri gəlir, metrodan da istifadə edirəm.

 

- Sonuncu dəfə nə zaman metroda olmusuz?

 

- Ötən həftə metro ilə getmişəm. Hərdən metrodan istifadə edirəm. Bu çox normaldı.

 

- İnsanlar sizi metroda, ictimai nəqliyyatda görəndə yaxınlaşırlar?

 

- Əvvəllər daha yaxşı idi. İnsanların vəziyyəti dəyişib, fikirli, qayğılı olublar. Ruslar demişkən, "İm, ne do Baxrama”. Yəni onlar Bəhramın hayında deyillər.

- Bu sizi narahat etmir ki?

- İnsanların qayğılı olması məni narahat edir. Bu məni ağrıdır. İnsanların üzündən gülüş əskik olmağa başlayıb.

 

- Özünüz necə, film çəkmək istəmirsiz?

 

- Düzünü desəm, bir neçə il əvvəl film çəkmək istəyirdim. Bunu arzulayırdım. İndi isə istəmirəm. Mənim çəkdiyim filmə nə sponsor gələr, nə də onu izləyən tamaşaçının sayı çox olar.

 

- Nəyə görə belə düşünürsüz? Nə çəkmək istəyirsiz ki?

 

- Belə bir anlayış var - kino hər kəs üçün deyil. Bəli, mən elə bir film çəkərəm ki, ona hamı baxa bilməz. Bunun üçün də pul tapmaq asan olmaz. Sponsor o filmə pul qoyur ki, tamaşaçı bu filmə çox gəlsin. Mənim çəkdiyim filmə isə hər kəs baxa bilməz. Hansı sponsor mənə belə film üçün pul verər? Mənim də o qədər pulum yoxdur ki, istədiyimi çəkə bilim. Mən ya ürəyimcə film çəkməliydim, ya da bu sevdadan vaz keçməliydim. Ona görə də gücümü kitab yazmağa vermişəm.

 

- Nədən yazırsız?

 

- Xatirələrdən. Azərbaycanın tanınmış insanlarının xatirələrini kitablara köçürməyə çalışıram. Tək mənim yox, tanınmışların xatirələrini yazmaq.

 

- Tanınmışların, dünyasını dəyişmişlərin xatirələrini araşdırıb yazdıqca nə əldə edirsiz?

- Bu hissləri bilmək üçün o kitabları oxumaq lazımdı. Hər birində fərqli bir taledən, ömür yolundan danışılır.

 

- Niyə məhz bu yolu seçmisiz?

 

- Çünki mənim gəncliyim fəhləlikdən başlayıb. İlk dəfə Azərbaycan nəşriyyatında fəhlə kimi çalışmışam. Fəhlə həyatının nə olduğunu bilirəm. 114 manat məvacibə çalışmışam. Bu günümə də şükür edən, Allahımı tanıyan insanam. Heç vaxt da dünənimi unutmamışam, yaddan çıxarmamışam. 30 il əvvəl fəhlə olduğumu yaddan çıxara bilmərəm.

 

- Asudə vaxtlarınızda nə ilə məşğul olursuz?

 

- Əslində asudə vaxtım olmur. Nə vaxtım varsa, övladlarıma ayırıram.

 

- Hansı idman növləri ilə maraqlanır Bəhram Bağırzadə?

 

- Gənc yaşlarında həndbol üzrə Azərbaycan yığmasında olmuşam. Futbola marağım olub. 189 nömrəli məktəbin məzunları, sinif yoldaşlarımla məktəbin həyətində futbol oynamışam. İndi də vaxt tapanda oynayıram.

 

- Rənglərin, rəqəmlərin həyatınızda rolu varmı?

 

- Rənglərin ruhuma, ovqatıma təsiri olur. Əgər hava soyuqdusa, mənim ruhum da fərqli rəngdə olur. O zaman tünd rənglərə üstünlük verirəm. Ancaq əhvalım yaxşıdırsa, hava gözəldisə, onda daha əlvan rənglər ruhuma təsir edə bilir.

 

- Yəqin ki, oxucularımıza sözünüz var...

 

- Bayram günlərinə yaxınlaşırıq. Mən millətimə xoş günlər, ruzi-bərəkət, firavanlıq arzulayıram. Arzu edirəm hər birimizin evində, süfrəsində bolluq olsun. Azərbaycana Novruz sevinci arzulayıram.

 

 

Mənbə: sherg.az

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla