Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xalq artistinin son müsahibəsi – İnanılmaz etiraflar

Media24.az      9 Fevral , 12:42
Xalq artistinin son müsahibəsi – İnanılmaz etiraflar

Xəbər verdiyimiz kimi, Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva dünyasını dəyişib.

 

Media24.Az xalq artistinin doğum günündə publika.az-a verdiyi son müsahibəsini təqdim edir:

 

- Zərnigar xanım, özünüzə təmtəraqlı doğum günləri keçirməyi xoşlayırsınız?

 

- İstəmirəm kimsə mənə görə narahat olsun. Bəlkə kiminsə vaxtı, ya imkanı yoxdur, niyə öz xoş günümə görə onları narahat edim. Amma bu dəfə 70 yaşım tamam olur. Ola bilsin ki, xudmani bir məclis təşkil edək.

 

- Adətən, xanımlar yaşını gizlədir, amma siz, soruşmadan yaşınızı söylədiniz. Yüzdəyüz əminəm ki, yaşınızla ruhunuz arasında yerlə göy qədər fərq var…

 

- Yaşımı hiss eləmirəm. Çox vaxt xəstəlik insanı qara günə qoyur, yoxsa ki, yaşın ruha heç bir təsiri yoxdur. Neçə vaxtdır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm.

 

- Buna baxmayaraq, çox pozitiv xanımsınız, bu qədər enerjini hardan alırsınız?

 

- Təbiətdən, canlı-cansız xilqətdən. Yəqin insanlar da məni tez-tez bağda-parkda görür. Bəzən saatlarla oturub hansısa quşun yeməyinə, hansısa çiçəyin rənginə baxıb zövq alıram. Amma əsəbiləşməyim də var haaa. Belə vaxtlarda üzümü görmə (gülür).

 

- Çox güclü xanım təsiri bağışlayırsınız. Bu güclü görünüşünüzün arxasında zəif məqamlar olur?

 

- Güclüyəm, amma bəzi məqamlarda insan gücsüzləşir.

 

- Məsələn, hansı məqamlarda?

 

- İnsanın çətin məqamları olur, məsələn, arzularının ardınca gedəndə maneələrlə qarşılaşır, kiminsə gözügötürməzliyi, paxıllığı ilə qarşı-qarşıya qalır. Belə olan halda, mətin dayanmaq, başını aşağı salıb öz işinlə məşğul olmaq çox çətin olur. Sarsılmamaq, dözmək və sona qədər arzularının ardınca getmək - bu da hər adamın işi deyil. Mən buna çalışmışam. Əgər yaşayırıqsa, demək, məyusluqlar da olacaq. Bu həyatda yaşamaq özü bir qəhrəmanlıqdır. Elə mənim də həyatımda bu məyusluqlar çox olub. Əlbəttə, hər kəs üçün sevimli olmaq mümkün deyil. Kiminsə sevmədiyi, qəbul etmədiyi insanlar var. Deyirlər e, filankəsə qanım qaynamır, filankəs istiqanlıdır. Əgər lüğətimizdə "paxıllıq", "gözgötürməzlik", "məyusluq" kimi sözlər varsa, demək ki, həyatda bunlarla qarşılaşırıq. Belə insanlara nifrət etmək yox, sadəcə olaraq, həmin adamlardan uzaq qaçmaq lazımdır.

 

- Məyus olduğunuz məqamlarda gücü kimdən alırsınız?

 

- Mənə bu gücü ilk olaraq valideyinlərim verib. Beş yaşım olanda səhnəyə çıxıb, Səməd Vurğunun şeirlərini söyləmişəm. Arzularımın ardınca böyük səhnəyə qədər gəlib çıxmışam. Tamaşaçılarımın sığalı, sevgisi həmişə mənə güc verib.

 

- Həyatınızı rənglərə bölsək, ən çox hansı rənglər üstünlük təşkil edər - əlvan, yoxsa, boz, qara?

 

- Məncə, əlvan. Elə özüm də əlvan rəngləri çox sevirəm. Xüsusən də, zoğalı rəngi. Baxmayaraq ki, 70 yaşım var, yenə zoğalı rəngdə paltarlar geyinməyi xoşlayıram. Deyilənə görə, mənə çox yaraşır.

 

- Bəs içiniz hansı rəngdədir?

 

- Yaşıl, mavi.

 

- Möcüzələrə inanırsınız?

 

- Həyat özü bir möcüzədir və möcüzələr var.

 

- Həyatınızda ən böyük möcüzəni görmüsünüz, yoxsa hələ gözləyirsiniz?

 

- Bu sənətdə varlığım mənim üçün ən böyük möcüzədir. Öz sevgimi də bu sənətə bağlamışam və ömrümün sonuna qədər bu sevgiylə yaşayacağam.

 

- Əslində, çox gözəl sevgidir. Bütün sevgilər bir gün adiləşə, tükənə bilər, amma sənətinizə olan sevginizə hər zaman sədaqətlisiniz.

 

- Bu qarşılıqlı sevgidir, nə mən, nə də sənətim mənə xəyanət etməyib.

 

- Xəyanətdən söz düşmüşkən, bu yaxınlarda həmkarınız Mehriban Zəkidən müsahibə almışdım. O dedi ki, dost xəyanətini bağışlamaq olar, amma sevdiyin insan xəyanət edərsə, onunla münasibətə nöqtə qoymaq lazımdır. Siz necə düşünürsünüz?

 

- Mən də elə düşünürəm. Düşünürəm nədir, bu, həqiqətdir.

 

- Heç xəyanətə uğramısınız?

 

- Çox. Bəzi qadınlar var ki, xəyanəti adi kişi əyləncəsi kimi qəbul edir və ərinin xəyanətinə göz yumur. Deyir ki, əşşi, kişidir də, gedib hansısa qadınlarla gəzəcək, yenə də ailəsinə, evinə, uşaqlarına qayıdacaq. Əvvəllər o qadınları anlamırdım. Düşünürdüm ki, necə yəni, kişi sənə xəyanət edəcək, sən də heç nə olmamış kimi onu sevməkdə davam edəcəksən? Amma yaşa dolandan sonra, fikirləşdim ki, əslində, elə belə də eləmək lazımmış. Çünki kişilər yaradılışdan belə olur. Məsələn, adam var, bir paltarı, ayaqqabını illər boyu geyinir, heç bezmir. Adam da var, gündə bir libas, zinət əşyaları alır, yenə gözü doymur. Kişi də elədir, hər gün bir çiçəyi qoxlamaq istəyir. Çünki Allah onları belə yaradıb. Bəzi qadınlar xəyanəti bağışlayır, göz yumur, bəziləri də mənim kimi, bağışlamadığı üçün tənha qalır. Tənhalığı özüm seçmişəm.

 

- Buna görə peşman deyilsiniz yəni?

 

- Qətiyyən. Yenə də düşünürəm ki, xəyanət varsa, münasibətə nöqtə qoymaq lazımdır. Bu gün tamaşaçılarımın sevgisini bir tac kimi başıma qoyuram, bundan böyük sevgi ola bilməz. Taleyimə minnətdaram. "Tac" dedim. "Tac", "kraliça", yaman böyük çıxdı. Utandım lap.

 

- Haqlısınız, siz əsl kraliçasınız... Amma mənə yenə də maraqlıdır... Dostlarınızın xəyanətini necə qarşılayırsınız?

 

- Dost xəyanəti mühitdən asılı olaraq, baş verə bilər. Amma düşünürəm ki, həmin adamdan uzaqlaşmaq lazımdır. Düşünməlisən ki, bu, sənin adamın deyil, vəssalam. Yoxsa ki, nifrət etmək, kin bəsləmək lazım deyil.

 

- Amma illər boyu bu sevgini qoruyub saxlamaq da hər sənətkarın işi deyil. Siz buna necə nail olmusunuz?

 

- Bəzən məndən müsahibə verməməyimin, mətbuatdan, efirdən qaçmağımın səbəbini soruşurlar. İstəmirəm insanların mənə olan sevgisini, illər boyu qazandıqlarımı bir günün içində itirim. İstəyirəm insanlar, tamaşaçılarım mənim üçün darıxsınlar, məni gözləsinlər. Müsahibə verdiyim jurnalist bir cümləmi elə yazar ki, illərlə qazandığım sevgini itirə bilərəm. Çox ehtiyat edirəm. Amma sizin səmimiyyətiniz qarşısında "yox" deyə bilmədim. Bilirəm ki, mənə olan səmimi hissləriniz, sevginiz, xoş sözləriniz içdən gəlir. Səmimiyyəti çox yüksək qiymətləndirirəm və sizə verdiyim müsahibədən peşman olmayacağımı düşünürəm.

 

- Elə mən də bu müsahibənizi özüm üçün şərəf hesab edirəm. Həmişə var olun, gözəl obrazlarınızla bizi sevindirin, üzünüzdən təbəssüm, ürəyinizdən sevgi əskik olmasın.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla