Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

2018-ci ildə Azərbaycanın inkişaf istiqamətləri: kənd təsərrüfatı, sənaye, turizm

Media24.az      12 Yanvar 2017, 18:11

Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın inkişaf istiqamətlərini müəyyən etdi.

 

İnkişaf üçün təbii ki, ilk növbədə, ölkədə sabitliyin, əmin-amanlığın olması, təhlükəsizliyin tam təmini əsas şərtdir. Bu baxımdan 2017-ci il Azərbaycan üçün uğurlu oldu. Belə ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artdığı bir vaxtda Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayır, ölkədə normal həyat təmin edilir.

 

Media24.Az Trend-ə istinadən bildirir ki,  Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı qeyd etdi ki, sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

 

Azərbaycanda cari ildə də əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəldiləcək. 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar əldə edən Azərbaycan bu nailiyyətləri davam etdirmək əzmindədir. Ötən il sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Bundan başqa, 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb, hazırda təqribən 42 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar investisiya qoyulub. Həmçinin ötən il Azərbaycandan ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb.

 

Azərbaycanda kənd təsərrüfatının inkişafı 2018-ci ildə də prioritet olacaq. Ötən il ölkədə kənd təsərrüfatı 4,1 faiz artıb. Pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq sahələrində böyük inkişaf qeydə alınıb. 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. 2015-ci ildə 200 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilib. Həmçinin ötən il 18 min hektarda fındıq bağları salınıb. Fındıq bağlarının sahəsi 55 min hektara çatıb və dövlət başçısının da qeyd etdiyi kimi, hədəf 80 min hektara çatdırmaqdır. Bundan başqa, keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilib. Tütünçülükdə də xeyli irəliləyiş var. 2016-cı ildə 3500 ton, 2017-ci ildə isə 5200 t tütün tədarük olunub.

 

Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz: "Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük. Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı".

 

Bu gün Azərbaycanda sənaye parklarının yaradılması da prioritet istiqamətlərdəndir. Neftçala Sənaye Məhəlləsinin istifadəyə verilməsindən sonra Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir. Bu il Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı gözlənilir. Sumqayıt Kimya Sənaye Parkı isə uğurla fəaliyyət göstərir.

 

Azərbaycanın təşəbbüskarı olduğu mühüm enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi kimi iri layihələr də ölkədə qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək.

 

Beləliklə, heç şübhəsiz ki, 2018-ci il də Azərbaycanda kənd təsərrüfatının və sənayenin inkişafı üçün uğurlu il olacaq.

 

Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında Azərbaycanın xarici borcundan da danışdı: "Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq... Bir sözlə, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil".

 

Bu il turizmin inkişafı ilə bağlı da əlavə tədbirlər görüləcək. 2016-cı ildə Azərbaycana xarici turistlərin axınında 24 faiz artım, ötən il isə daha 20 faiz artım qeydə alınıb və bu göstərici rekord səviyyəyə çatıb.

 

Dövlətimizin başçısı qeyd edib: "Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlmişdir. Bu, çox müsbət haldır. Bunun səbəbləri var, - əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, - həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləmişlər. Turistlərin sayı cəmi 20 faiz artmışdır, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir".

 

Ümumilikdə, cari ildə bir çox mühüm layihələrin icrası nəzərdə tutulur. Makroiqtisadi sabitlik, inflyasiyanın, işsizlik və yoxsulluğun aşağı səviyyədə olması, iqtisadi sahənin əsas göstəriciləri müsbət olması Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin nəticəsidir və 2018-ci ilin də Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla