Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Təmirli ev 28 min manata -“Yaşıl ada”dan reportaj+Fotolar

Media24.az      12 Yanvar 2017, 14:55

 

Şəhərin səs-küyü, gündəlik iş stressindən yorulan insanlar hərdən ruhunu dinləndirmək üçün daha sakit məkanlara üz tuturlar. Ölkəmizin vətəndaşları belə vaxtlarda əsasən regionlara getməyi seçsə də, xaricdə üz tutulacaq əsas ünvan bəllidir: Adalar.

 

Çox uzağa getməyək, elə Türkiyə və yunan adalarına son bir neçə ildə böyük turist axını baş verib. Bunun nəticəsidir ki, Yunanıstan ötən ilin yanvar-avqust aylarına görə yalnız turizmdən 8,43 milyard avro qazanıb ki, bunun da böyük bir hissəsi adaların payına düşür. Bəs biz dənizə çıxışı olan bir ölkə kimi ada biznesindən gəlir əldə etmək üçün nə etmişik?

Xəzərdə təqribən 200-ə yaxın ada var ki, onlardan 50-ə yaxını Azərbaycana məxsusdur. Bu adaların böyük bir qismində yaşayış olmasa da, Pirallahı, Çilov kimi adalarının illərdir daimi sakinləri var.

Odur ki, ada həyatı ilə yaxından tanış olmaq üçün “Qafqazinfo”nun əməkdaşları bu dəfə yolunu Xəzər dənizinin ən böyük adalarından biri olan Pirallahıdan salıb.

 

1941–ci ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb və gediş-gəliş üçün gəmilərdən istifadə olunub. Ancaq adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımı iqlim şəraiti imkan verib ki, yeni yaşayış məntəqələri tikilsin və bu səbəbdən də ilk dəfə olaraq ada ilə sahili birləşdirən “Damba” körpüsü çəkilib. Sözügedən körpü bu yaxınlarda yenidən təmir olunaraq istifadəyə verilib. Bu dəfə körpünün altından suyun hərəkəti təmin olunub və bu yolla ekoloji tarazlıq qorunub saxlanılır. Yaxın zamanlarda körpünün altından gəmi və karterlərin hərəkətinə də şərait yaradılacaq.

Tarixi mənbələrdə hətta Pirallahı adası ilə Çilov adasını birləşdirən araba yolunun da olduğu göstərilir. Ancaq suyun səviyyəsi qalxdığı üçün yol dənizin altında qalıb. Yaxınlıqdakı bir şəhərin də qabarmalar zamanı suyun altında qaldığı iddia olunur.

Torpağında bol meyvə və tərəvəz yetişdiyi üçün əvvəllər ada müqəddəs yer sayılıb. Düşünülüb ki, adanın torpağı da, barı da Tanrıya məxsusdur. Elə bu səbəbdən də VII – VIII yüzilliklərdən sonra ada “Pirallahı” adlanmağa başlanıb.

 

 

Pirallahı adasına getmək üçün “Ulduz” metrostansiyasının yaxınlığından taksilər, “Koroğlu”dan isə 150 nömrəli marşrut xətti fəaliyyət göstərir. İki məntəqə arasındakı məsafə isə təxminən 1 saatdır. Gediş haqqı avtobusla 80 qəpik, taksilərlə isə adi vaxtlarda 2 manat, günün pik saatlarında 3 manat təşkil edir.

Rayon neft rayonu olsa da, neft buruqları yaşayış sahələrindən kənarda yerləşdirilib. Bunun üçün xüsusi zona ayrılıb ki, oraya giriş qadağandır. Gələcək planlarda hətta qəsəbənin girişindəki neft çənlərinin də buraya köçürülməsi nəzərdə tutulub.

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

Buranın gələcəkdə yaşıl ada olması üçün yaşıllığa xüsusi diqqət yetirilir.

Adada gəzdiyimiz zaman məlum oldu ki, adanın həm yol kənarlarında, həm də həyətyanı sahələrində son 3 ildə 60-70 mindən çox ağac əkilib.

Adada turizmi inkişaf etdirmək üçün infrastrukturda müəyyən yeniliklər də ediləcək. Belə ki, daha çox küknar və zeytun ağacları ilə zəngin olan mərkəzi parkın dəniz kənarı ilə 5-6 hektar uzadılaraq yeni bulvar salınması nəzərdə tutulur. Bundan başqa, həm yol kənarlarında, həm də sahil boyu ilə velosiped yolları salınacaq. Ərazisi elə də böyük olmayan adada əsas nəqliyyat vasitəsi kimi velosipeddən istifadə havanın ekoloji təmizliyinin qorunmasına da kömək edəcək.

 

 

Adadakı binaların çoxu beşmərtəbəlidir. Burada yalnız bir doqquzmərtəbəli bina var ki, o da əlillərin binasıdır. Binaların fasadlanması, təmizlik və simmetriya baxımından Pirallahı qəsəbəsini kiçik Naxçıvan adlandırmaq olar. Çünki bu səliqəni sonuncu dəfə Naxçıvanda görmüşdük. Hətta binaların həyətindəki, yol kənarlarındakı irili-xırdalı qarajlar, dükan və butkalar sökülərək yerində İcra Hakimiyyəti tərəfindən səliqəli obyektlər tikilib. Hər zaman görməyə öyrəşdiyimizdən fərqli olaraq burada binaların sadəcə görünən hissəsi yox, iç üzləri də fasadlanıb.

Rayonda 6 məktəb var ki, onlardan 4-ü qəsəbədə yerləşir. Hətta yaxınlıqdakı hərbi şəhərcikdən buraya xüsusi marşrut var. Hərbçilərin uşaqları dərs vaxtına uyğun olaraq məktəbə gətirilib aparılır.

 

 

Adada məskunlaşan sakinlərin etnik tərkibi də xeyli zəngindir. Burada təxminən 14-15 xalqın nümayəndələri yaşayır. Sakinlərin sözlərinə görə, vaxtilə qəsəbə salınan zaman çox insan buraya ya müvəqqəti müddətə, ya da torpaq ucuz olduğu üçün gəlib. Ancaq sonradan, xüsusilə də, Pirallahı rayon statusu aldıqdan sonra müəyyən dəyişikliklər edilib və yaşayış səviyyəsi yüksəldilib.

Qəsəbədə mənzil qiymətləri ilə də maraqlandıq. Belə ki, adanın mərkəzində ikiotaqlı, təmirli mənzilə sahib olmaq istəyirsinizsə, 28-30 min manat xərciniz çıxacaq.

 

 

Əhalinin əsas məşğuliyyəti balıqçılıq olan adada dəniz məhsullarının qiyməti də paytaxta nisbətən ucuzdur. Daha çox tor üsulu ilə balıq tutulub satılsa da, istirahət üçün gəlib tilov atanlar da az deyil.

Adada gəzdiyimiz zaman maraqlı bir halla da qarşılaşdıq. Hər zaman Bakı sahillərində şikayətləndiyimiz qanunsuz çəpərləmələrə hətta adada belə rast gəlmək olur. Hər tərəfdən su ilə əhatələnmiş ərazinin insanları belə sahil kənarlarını hasarlamağa çalışıblar. Bu qanunsuz çəpərləmələrin bir hissəsi sökülsə də, bir hissəsi hələ də qalıb.

Adada xeyli sayda çimərlik də var ki, yay aylarında sakinlərin istifadəsinə verilir. Daha az çirkləndiyi üçün burada çimərliklər də daha təmiz və yararlıdır.

Ada səyahətindən bu nəticəyə gəlirik ki, əgər nəzərdə tutulan infrastruktur dəyişiklikləri, planlar həyata keçirilsə, yaxın gələcəkdə “Yaşıl ada” paytaxt sakinlərinin və turistlərin üz tutacağı əsas istirahət məkanlarından biri olacaq.

 

 

Təmirli ev 28 min manata -  “Yaşıl ada”dan reportaj+Fotolar
Təmirli ev 28 min manata -  “Yaşıl ada”dan reportaj+Fotolar
Təmirli ev 28 min manata -  “Yaşıl ada”dan reportaj+Fotolar
Təmirli ev 28 min manata -  “Yaşıl ada”dan reportaj+Fotolar

 
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla