Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Nə biləydim, o şeiri oxuyan kimi gedəcək…

Media24.az      13 Sentyabr 2017, 18:50

Bilməm, hamıda belədirmi: çox sevdiyim dostlarla, demək olar ki, qoşa şəklim yoxdu. Aqşin Yeniseylə də yoxdu. Bunu elə-belə dedim...

 

Beş il əvvəl ona bir şeir silsiləsi ünvanlamışdım: "Getmək lazımdı, şair". Vay-vay, nə biləydim, o şeiri oxuyan kimi durub çıxıb gedəcək... :) Neynək, gedənlərə salam olsun, qalanlara əlvida!

 

Darıxdığımız adamların sehirli gücü var - onlar hər gün gözümüzün qarşısında olanları da gözdən düşməyə qoymurlar. Bərk qurdalasan, görərsən ki, bizi yanımızdakılara daha çox bağlayan da elə uzaq düşdüyümüz adamlardan ötrü darıxmaq hissimizdi.

 

Amma qəribədi, mən vətənimizin sərvəti olan bu böyük şairin getdikcə Azərbaycandan uzaqlaşmasını da arzulayıram, istəyirəm, aradakı məsafə artmaqda davam eləsin - bir azdan səsi, tutalım, Kanadanın qar ağlığından gəlsin: belə baxanda Türkiyə Naxçıvanın böyrü kimi bir şeydi. Yarımçıq uzaqlıq da bir zibil deyil heç, folklorumuzda "dünyanın o başı" kimi gözəl ifadə var.

 

Nurani dostumuzu təbrik edirəm və ona ünvanladığım həmin şeiri bir də paylaşıram.

Getmək lazımdı, şair

(Aqşin Yeniseyə yazdığım şeir)

1.

Kim idik?

Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmiş

kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.

Öz oyuncaqlarımızı da özümüz düzəltdik –

taxtadan tapança, məftildən araba...

 

İndi kimik?

Təkadamlıq xaraba!

Çəkimiz güllər çəkisidi, boyumuz kollar boyu.

Getmək lazımdı, şair:

Buranın adamları təkcə şəkil çəkdirəndə

dayanırlar qol-boyun.

2.

Həyatı hər gün yenidən başlamaq istəyimizi

hər səhər yuxudan gec ayılmaq öldürdü,

mühacirət arzularımızı təyyarədə uçmaq qorxusu.

İlk dəfə qız sevdiyimzi

ayaqqabımızı ilk dəfə yumaqdan bildik...

Anamızın südü qurumuş inəyi

it kimi saxladığını uzaqdan bildik.

Böyük dərdlərdən büdrəyəndə

xırda sevinclər yıxılmağa qoymadı...

Güzgüdəki əksimizin pəncərəyə baxdığını duymadıq.

Getmək lazımdı, şair:

Buranın adamları özlərini şəkilçilərə çevirdilər –

“pinəçi”, “solçu”, “qalatasaraylı”, “nurçu”...

Halbuki çılpaq bədənini gur saçlarıyla örtmüş

bir qadın şəklinə baxa-baxa da yaşamaq olardı.

3.

Amma hələ də bilmirik ki, sevgi nədi:

yataqdan sonra qadının saçından öpməkdi,

yoxsa, bir tikə çörəyi acından öpməkdi?

4.

“İşıq pulu” bildirişlərinin qapımıza

qara kağızlar kimi gəldiyi bir zamanda

sənə bir vəsiyyətim var, şair...

Bu azad dünyanın qurulmasında

qul əməyini də unutma...

Hər gün darıxmaq öz yerində,

gündə üç dəfə yeməyini də unutma...

Unutma ki,

buranın adamları adama etdikləri

yaxşılığın qisasını mütləq alırlar...

5.

Getmək lazımdı, şair.

Dostların hamısı öldü,

bir biz qaldıq, bir ofisiant, bir də kafe aşığı

 

Müəllif

Salam Sarvan

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla