Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Bakının gecə klublarındakı 7 yaşlı qızın MACƏRALARI - VİDEO

Media24.az      13 Sentyabr 2017, 18:40

Bir ilə yaxındır dövlət tədbirlərində, ad günlərində, xüsusi məclislərdə Nuray Rəhman adlı 7-8 yaş aralığında olan bir qızcığaz görməyə başladıq. Sosial şəbəkələr, yutub videoları və s. vasitəsilə bu qız daha da populyarlaşmağa başladı. Onu populyar edən digər şey isə dilli-dilavər olması idi.

 

Dil açanda uşaqlara söyüş öyrədən xalqımız isə balaca qızcığazın böyüklər kimi danışmasını normal qəbul edib, onu məclislərində görmək istədi. Nəticədə isə bayaqdan ay ərzində 1-2 məclisdə iştirak edən Nuray, artıq ailəsi ilə birgə məclislərə qatılıb müğənnilik etməyə, içki və siqaretin olduğu məclislərdə rəqs etməyə başladı. Fikrim bu balacanı aşağılamaq deyil! Əsla!

 

Sadəcə bu qız vaxtını dərslərə, uşaq dünyasına həsr etməli olduğu halda, gec saatlarda restoranlarda və digər iaşə məkanlarında mahnı oxuyaraq pul qazanmasına göz yuma bilməzdim.

 

Mən də onunla toy məclislərinin birində qarşılaşdım. Yarıçılpaq rəqqasənin, içkinin və onun uşaq təbiətinə uyğun olmayan insanların olduğu məclisdə rəqqasə ilə birgə rəqs edirdi. Həm də həvəsli şəkildə. Tamam, uşağın həvəsli olmasında bir problem yoxdur. Bəs maddiyatı nəzər alıb, qızının bu mühitdə böyüməsinə göz yuman ailə necə? Qızının psixologiyasını korlamırmı? Naşı olmasam da, bu mövzunu aiddiyəti qurumlarla və psixoloqlarla müzakirə edib, suallarıma cavab almağın daha düzgün olması qənaətinə gəldim.

 

Uşaq psixoloqu Aytən Cavadlı:

 

“18 yaşına çatmamış uşaqların içki məkanlarında gecənin bir vaxtı səhnə alması birmənalı şəkildə qadağandır. Uşaqların bu cür yerdə işlədilməsi və ya öz istəyi ilə işləməsi tərbiyəvi, psixososial cəhətdən zərərlidir. İçki ortamında onların da içki qəbul etməsi gözlənilə bilər. Belə yerlərdə işləmək məktəb həyatına da böyük təsir edir. Bununla sosial müdafiə qurumları maraqlanmalıdır”.

 

Psixoloq Şəbnəm Sadıqova fikirlərini belə əsaslandırdı:

 

“Uşaqlar özləri istədikləri və özlərini güvəndə hiss etdikləri yerdə oynamalı, oxumalı və rəqs etməlidir. Belə məkanlar da adətən həmyaşıdlarının və ailə yaxınlarının olduğu yerlərdir. Uşaqları gecə məkanlarında mahnı oxutdurub, rəqs etdirmək, onları cinsi obyekt kimi təqdim etmək deməkdir. Bu da ilk növbədə uşağın özsayğısının inkişafını əngəlləyir. Bəzən ailələr “Biz yanındayıq, burada nə var ki?” deyə özlərinə bəraət qazandırır. Bu yalnışdır. Harada nə edəcəyinə uşaq özü qərar verməlidir. Bu mənəvi və psixoloji cəhətdən uşağın inkişafına, habelə şəxsiyyətin formalaşmasına birbaşa zərərlidir”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələyə yanaşması belə oldu:

“15 yaşından aşağı şəxslərin işləməsi qanunla qadağandır. Əgər onun işi təcrübə xarakteri daşıyırsa, buna icazə var. Yox, əgər uşaq hər hansı qapalı və ya açıq bir məkanda rəqs edərək, mahnı oxuyaraq pul qazanırsa, bu, artıq qanunları pozmaq sayılır. 15 yaşa qədər olan uşaqların çalışdığı müəssisələr də, bilavasitə uşağın valideynləri də burada günahkardır. Xüsusilə, uşaq gecə saatlarında içki və siqaretin olduğu yerlərdə çalışırsa, artıq burada onun təcrübə və digər əhəmiyyətlə çıxış etməsinin fərqi yoxdur. Bu onun tərbiyəsinə zərər verir”.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov bunları deyir:

 

“Azərbaycan Konstitusiyasına görə, 15 yaşdan aşağı olan uşaqların əmək fəaliyyəti ilə məşğul olması qadağandır. Ancaq burada şərtlər var. Uşağın psixi, fiziki və cinsi sağlamlığına, təhsilinə, rifahına zərər verməmək, asudə vaxtının pozulmaması şərti ilə yalnız qısa müddətlərdə işə cəlb oluna bilər. Gecə saatlarında isə uşaqların əmək fəaliyyəti valideynin razılığının, təhlükəli olub-olmamasının fərqi olmadan məqsədəuyğun deyil. Çünki bu birbaşa onların sağlamlığına və rifahına zərər yetirir. Xüsusilə, tütün tüstüsü olan, içki olan restoran, bar və gecə klublarında uşaqların əməyə cəlb olunması qanuna zidd hərəkətdir. Bu qanun pozulduqda, İnzibati Xətalar Məcəlləsilə tənzimlənir. Əgər uşağın psixi, fiziki və cinsi sağlamlığı pozularsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunur.

 

18 yaşına çatmamış hər bir şəxs dövlətin himayəsindədir və dövlət müvəqqəti olaraq öz vəzifələrinin yerinə yetirilməsini valideynlərə həvalə edir. Ancaq valideynlər burada dövlətin qaydaları çərçivəsində fəaliyyət göstərməlidir. Uşaqların mənafelərinə birbaşa cavabdeh dövlətdir. Dövlət də bunu Azərbaycan Respublikasının Konstitusiyasına, ölkəmizin üzv olduğu Uşaq Haqqları Konvensiyasına uyğun olaraq tənzimləyir. Burada yazılıb ki, “Uşaqların ən yaxşı maraqlı təmin olunmalıdır”. Onların psixi, fiziki və cinsi sağlamlığına zərər gətirən hərəkətlər və hərəkətsizliklərdən müdafiəsi dövlətin, valideynlərin və sahibkarların birbaşa vəzifə borcudur. Ona görə də, uşaqların əmək və könüllü fəaliyyəti zərərlidir. Çünki orada alkoqollu içkilər, siqaret varsa, bu uşağın psixi sağlamlığına zərər yetirir. Uşaqlar bunu görür və bu onlar üçün artıq normal sayılmağa başlayır. Valideyn deyə bilər ki, evlərdə içki içilir və siqaret çəkilir. Ancaq bununla əmək fəaliyyəti zamanı gözün öyrəşməsi tamam başqa şeylərdir”.

 

Məsələ ilə bağlı Nuray Rəhmanın atası Əkbər bəy ilə də əlaqə saxladım. O, bütün bunların qızının psixologiyasına təsir etmədiyini bildirərək, özünə və həyat yoldaşına bəraət qazandırdı:

 

“Bizim başqa sənətimiz yoxdur. Bu yolla pul qazanırıq. Nuray tək çıxış etmir, biz ailəvi olaraq yanında oluruq. Onu toyda görmək istəyirlər. Ancaq dövlət tədbirlərinə daha çox üstünlük veririk. Sadəcə dolanışığımız, uşağın geyimləri və klip çəkdirmək üçün məclislərdə iştirak edirik. Dövlət bizə sponsorluq etsə, biz toya getmərik. Fəaliyyətimiz göz qabağındadır. Kimsəsizlər, qocalar evi və xüsusi tədbirlərdə iştirak edirik. Aldığımız qonorar isə adamına görə dəyişir. Mən maddiyata önəm vermirəm, sadəcə hər şey pulun üzərində qurulub. Bizim də buna ehtiyacımız var. Belə məkanların qızıma heç bir təsiri yoxdur. Tərbiyyə ailədən gəlir. Nurayın tərbiyyəsi şükür Allaha yüksək səviyyədədir. Əksinə, qızım tədbirlərə getdiyinə görə səhnə kompleksi yaşamır. Tofiq Bəhramov adına stadionda 20 min nəfərin qarşısında da çıxış edib. Ona görə peşəkarlaşır. Efirə də çıxanda qızıma ara mahnısı oxumağa icazə vermirik. Hər şeyi pula görə etmirik. Fəaliyyətimizi davam etdirmək üçün maddi dəstəyə ehtiyacımız var”.

 

Hər mütəxəssis məsələyə öz prizmasından yanaşamağa çalışdı, ancaq yenə də ortaq məxrəc eyni oldu – “Periodik olaraq təkrarlanan bu hadisə uşağın psixi sağlamlığına və gələcəyinə ziyan verir!”

 

publika.az

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla