Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sənubər İskəndərlidən etiraf: "Həyatımı yenidən qursaydım..."

Media24.az      15 Avqust 2017, 21:07

Əməkdar artist Sənubər İskəndərlinin Milli.Az-a müsahibəsi.

 

- Sənubər xanım, özünüzəməxsus xüsusiyyətiniz var. Bir çoxları sizi tanımayana qədər təkəbbürlü olduğunuzu bildiriblər, amma sonradan fikirlərində yanılıblar. Bu, nə ilə əlaqədardır?

- Ümumiyyətlə, təkəbbürlü olmaq kimi bir xüsusiyyətim yoxdur. Hətta oynadığım rollar uğurlu alınanda belə, özümü başqalarından üstün hesab etməmişəm. Aktrisa olmağıma rəğmən istər məclislərdə, istərsə də ictimaiyyət arasında heç vaxt "baxın, bu mənəm" deməmişəm. Belə insanları da sevmirəm. Sadəcə olaraq, mənim öz cızdığım dairəm var. Mən ora heç kimi buraxmıram. Oradan çıxanda qapını bağlayıram, gələndə açıram. Hər halda bu, mənim xasiyyətimdən irəli gəlir.

 

- Şəhərdə tam komplekssiz gəzib dolana bilirsiz?

- Tam komplekssiz deməzdim, çünki az da olsa sıxıntım olur, sadəcə əvvəlki sualın cavabında dediyim kimi, elə təkəbbürlü insan deyiləm ki, deyəm ki, ay aman, mən tanınmışam, millətin içinə çıxmamalıyam və s. Bu cür hərəkətlər məndən tamamilə uzaqdır.

 

- Sənubər xanımı daxilən zəngin saxlayan nədir?

- Bu sualın konkret bir cavabı var: özümə və sevdiklərimə hörmət.

 

- Hansı obrazınızda öz prototipinizi görmüsüz?

- Müxtəlif obrazlar, insan talelərini əks etdirən rollar oynasam da, hələ ki, xasiyyətimə, özümə yaxın bir rol olmayıb. İnşallah, qismət olarsa belə bir rola çəkilərəm.

 

- Qızınızı kamera qarşısında çox az görmüşük. Özünüz də qeyd etdiniz ki, o uşaqlıqdan çəkilişlərdən qaçır. Amma nəvəniz Nəzrin, maşallah, sizə oxşayıb.

 

- Elədir, qızım hələ uşaq yaşlarından çəkilişləri sevmirdi. Elə indi də xoşlamır, amma Nəzrin, məmnuniyyətlə, çəkilir (gülür). Hələ balacadır, kim bilir, bəlkə böyüyəndə xasiyyəti dəyişdi. Onu da deyim ki, Nəzrin yaşının az olmasına baxmayaraq gözəl rəsmlər çəkir.

 

- Deyirlər ana üçün qız həmişə uşaqdır.

- Həqiqətən də, bu sözlə razıyam. Hərdən qızımla harasa gedəndə deyirəm ki, əynini qalın geyin, soyuq olar. O, mənə deyir ki, mən bu sözləri öz qızıma deyirəm. Nə qədər yaş keçsə də, illər ötsə də o, mənim üçün uşaqdır. Mənə elə gəlir ki, bütün azərbaycanlı qadınlar bu cürdür.

 

- Həyatda qarşılaşdığınız çətinliklərdən yeganə çıxış yolunuz nə olub?

- İstər şəxsi həyatda, istərsə də sənət dünyasında, təbii ki, çətinliklərlə qarşılaşırıq. Bəlkə də həyatın mənası elə bundadır. Bəzən deyirlər, həyatımı yenidən qursaydım, bir daha o səhvləri etməzdim. Əslində, o səhvləri etməsək, bir insan yaxud şəxsiyyət kimi formalaşmarıq.

 

- Sənubər xanım, həmişə gənclərin maraq dairəsindəsiz. Buna səbəb nədir?

- Zaman dəyişir və bununla yanaşı, zövqlər, maraqlar da dəyişir. İnternet, yeni-yeni texnologiyalar əsrində yaşayırıq, təbii ki, müasir insan da yaşından, sosial durumundan, sənətindən asılı olmayaraq zamanla ayaqlaşmalıdır. Çünki zaman bunu tələb edir. Əgər mən həmişə geriyə baxsam, keçmişin nostalgiyası ilə yaşasam, əlbəttə ki, müasir insan üçün maraqlı olmayacağam. Odur ki, hər zaman gənclərimizin maraq dünyası, onları fikirləri, yaşayış tərzləri ilə maraqlanır, ümumiyyətlə, bu günün nəbzini tutmağa çalışıram və bəlkə də buna görədir ki, sizin təbirinizcə desək, gənclərin maraq dairəsindəyəm.

 

- İllərdir görkəminizdə ciddi dəyişiklik müşahidə edilmir. Bunun xüsusi resepti varmı?

- Gənc yaşlarımdan başlayaraq mütəmadi olaraq idmanla məşğul oluram və bu, artıq mənim həyat tərzimin bir hissəsinə çevrilib. Amma bunu təkcə mütənasib görkəmdə qalmağım üçün yox, həm də sağlamlığımı qoruyub-saxlamaq məqsədilə edirəm. Başqa vasitələrdən istifadə etmirəm.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla